Test

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Qazaxıstanın Kızılorda “Bolaşak” Universitetinin rektoru Gülcahan Snasapova, eləcə də alimlər, ziyalılar və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Mərkəzin qarşısında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaşar Ömərov çıxışında Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə qəbul edilən strateji sənədlərin və təşəbbüslərin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, universitetdə son illərdə rəqəmsallaşma sahəsində mühüm addımlar atılıb. Bu çərçivədə elektron tədris idarəetmə sisteminin tətbiqi, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, imtahana hazırlıq portalının yaradılması və süni intellekt əsaslı rəqəmsal təhsil bələdçisinin istifadəyə verilməsi xüsusi qeyd olunub. O, bu istiqamətdə hədəflərin daha da genişləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Adil Tağıyev, Bayram Aslanov, Bəxtiyar Məmmədov, Rüfət Əzizov, Pərvin Kərimzadə və digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, tədbirin işinə uğurlar arzulayıblar.

Plenar iclas çərçivəsində “Azercosmos”un Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərovun, Türkiyənin Ege Universitetinin Biokimya kafedrasının müdiri Cenk Selçukinin, ATU-nun Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun, İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovun, İdarəetmə kafedrasının əməkdaşı, gənc tədqiqatçı İmran Əmiraslanovun elmi məruzələri dinlənilib.

Daha sonra iki gün davam edən konfrans öz işini 10 istiqamət üzrə bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, tədbir 25 ölkədən 88 universitet, 22 tədqiqat institutu, eləcə də bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub. Konfrans materialları toplusuna ümumilikdə 767 tezis (onlardan 154-ü xarici müəlliflərə məxsusdur) qəbul edilib.

Önceki Haber Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
Sonraki Haber Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb

Yorum Yap