Test

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından beş il ötür. Bununla əlaqədar olaraq, Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub.

Mərasimdə Gəncə şəhəri icra hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, Gürcüstanın Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, Gəncə şəhəri icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları memorial lövhənin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.

Qeyd olunub ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 180-ə yaxın dinc sakin isə yaralanıb.

Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmzdir.

Daha sonra din xadimi tərəfindən Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olan bütün şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdən sonra rəsmilər Gəncə Memorial Kompleksindəki muzey ekspozisiyası ilə tanış olublar. “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar iştirakçılarda dərin təəssürat yaradıb.

Sonda tədbir iştirakçıları Gəncə Memorial Kompleksində yaradılan şəraitlə tanış olublar.

Önceki Haber Gəncədə Türkmənistan Mədəniyyəti Günlərinin Bağlanış Mərasimi Keçirilib
Sonraki Haber Gəncədə 'konstitusiya Və Suverenlik İli' Çərçivəsində 'gəncənin Mədəni İrsi Gənclərin Gözü İlə' Tədbiri Keçirilib

Yorum Yap